Özünəməxsus tərzi və ifası ilə seçilən, ölkənin Avroviziya təmsilçisi, sevimli Çingiz Mustafayev öz fərqli üslubu ilə növbəti konserti ilə fanatlarını sevindirməyə gəlir. 15 iyun tarixində Qobustan Tarix-Mədəniyyət Qoruğunda keçiriləcək "Rumi Gecəsi"-ndə Çingiz Mustafayev canlı səsi və istifadə etdiyi səs alətləri ilə fanatlarına "Sound Healing"-in möcüzəsini yaşadacaq. "Sound Healing" təbii və yüksək hersə sahib səs dalğaları ilə yaradılan şəfa seansıdır. Bu, insan sinir sisteminə müsbət təsir göstərərək insanın ruhunu dincəldir, müsbət aura bəxş edir.
Çingiz Mustafayev yaradıcılığının daha bir gözəl parçası olan "Aesthetic dance" zamanı həm yeni, həm də sevilən və miks ifaları canlı olaraq sevənlərinə təqdim olunacaq.
"Rumi gecəsi" boyunca festivalın keçirildiyi məkanda kamplar təşkil olunacaq ki, bu kamp çadırlarında psixologiya, astrologiya ətrafında seanslar keçiriləcək və gecədə iştirak edən hər bir kəs peşəkar təlimçilərlə həmsöhbət olmaq şansı əldə edəcək. Həmçinin bu çadırlarda "Faceart" da təşkil olunacaq.
Tədbirin konseptinə uyğun olaraq tədbir iştirakçılarından məhz konseptə müvafiq (bohemian, darvish və s.) üslubda geyinmələri rica olunur.
Tədbirin təşkilatçısı Tərxan Tərlanzadədir. O, daha əvvəl də mühüm tədbirlərin təşkilatçılığını öhdəsinə götürərək uğurla həyata keçirib. Bunlara nümunə olaraq 15 aprel 2023-cü ildə baş tutan Çingizin "Rumi gecəsi" adlı spiritual festivalı və karavan konseptində baş
tutan konsert gecələrini göstərmək olar. Tərxan Tərlanzadə uğurlu tədbirlərlə adından bəhs etdirib.
Bu tədbir musiqi ilə ruhani duyğuların bir araya gətirildiyi gecədir. Adının "Rumi gecəsi" olmasının ən əsas səbəbi isə bu sferada söhbət açılarkən ağla ilk gələn şəxsin İlahi sevgini incitək sözlərə düzən Mövlanə Cəlaləddin Ruminin olmasıdır. Çingiz Mustafayevin musiqi yaradıcılığında Rumidən, Şəms Təbrizidən, Nəsimidən sözlər, düşüncələr yer almaqdadır.
Qeyd edək ki, "The 56 Magazine" festivalın rəsmi media tərəfdaşıdır.
Comments