top of page
Fiftysix Magazine

Üç populyar Avroviziya ulduzu yavaş kadrlarda bir alov kimi parlayacaqlar!


Ötən illərdə Avroviziyada ikinci və üçüncü yerləri tutmuş məşhur ulduzlar, milyonlarla azarkeşin qəlbində taxt quran və unudulmaz performansları ilə tarix yazmağı bacaran Erik Sadi, Eleni Fureyra və Sanel bu il yenidən müsabiqəyə geri dönürlər. Onlar mayın 7-də baş tutacaq birinci yarımfinal mərhələsinin açılışını edəcəklər. Olduqca möhtəşəm bir açılış edəcəkləri gözlənilən üçlüyün haqqında gəlin qısa məlumat verək.


Mən populyar olacağam!

2011-ci ildə "Popular" adlı mahnısı ilə İsveçi təmsil edərək 185 xal ilə üçüncü yeri tutan Erik həqiqətən də dediyi kimi Avroviziya tarixinin ən populyar simalarından biri olmağı bacardı. 2021-ci ildə "Every minute" adlı mahnısı ilə Avroviziyada iştirak etmək üçün yenidən Melodifestivalenə qatılmış, lakin son anda Tusseyə məğlub olmuşdur.


Alovların kraliçası!

Heç şübhəsiz ki, müsabiqə tarixində ən dinamik və uğurlu çıxışlardan biri ona məxsus olub. 2018-ci ildə "Fuego" adlı mahnı ilə Kipri təmsil edən Eleni Fureyra final gecəsinin sonunda sadəcə Nettadan geri qalaraq 436 xal ilə ikinci yerdə qərarlaşdı. Qalib olmasa belə səhnəyə uyğunluğu, nəfəs kəsən rəqsi və gözəl səsi ilə birəbir uyğunlaşan mahnısı ilə Avroviziya azarkeşlərinin böyük əksəriyyəti üçün daimi bir ikon olmağı bacardı. 2019-cu ildə bir daha interval akt qismində müsabiqəyə geri döndü və bu dəfə Verka Serduçkanın məşhur "Dancing lasha tumbai" mahnısını özünəməxsus şəkildə ifa edərək arenanı bir daha coşdurdu.


Bir video çək və ona yavaş kadrda bax!

2022-ci ilə qədər İspaniya Avroviziyada öz sükut dövrünü yaşayırdı. Bu ölkənin müsabiqədə qazandığı ən yaxşı nəticə 2014-cü ildə tutduğu 10-cu yer idi. Hər kəsin İspaniyanın varlığını unutmağa başladığı bir vaxtda Kuba əsilli bir rəqqasə və müğənni "Benidorm" müsabiqəsində qalib olar-olmaz hər kəsin diqqətini çəkməyi bacardı. Bu təmsilçi Sanel idi. Çıxış edəcəyi "Slomo" adlı mahnı artıq trend olmağa başlamışdı. Final gecəsinin sonunda 459 xal toplayaraq İspaniyanın 21-ci əsrdəki ən yaxşı nəticəsini qazanan Sanel ölkəsini uzun illərdən sonra ilk dəfə ilk onluğa daxil etməyi bacardı.


Artıq Avroviziyaya sayılı günlər qalıb. Onsuz da səbir edə bilmədiyimiz və həyəcanlandığımız bu günlərdə hər birimizin sevdiyi ulduzların yenidən qayıdacağını öyrənməklə həyəcanımız birə-beş artdı. Görək bu üç xoreoqrafiya canavarı səhnədə nələr edəcək?

Comments


bottom of page