Siyasi münaqişələr və İkinci Dünya müharibəsindən sonra Avropada siyasi gərginliyi azaltmaq və ölkələri mədəni birliyə dəvət etmək məqsədi daşıyan Avroviziya Mahnı Müsabiqəsi 1956-cı ildən bu günə qədər böyük maraq və coşqu ilə təşkil olunur, eyni zamanda fanatlar tərəfindən rəğbətlə izlənilir. Məqsədi xalqları musiqi sədalari altında birliyə dəvət etmək olan "Avroviziya"nın siyasətdən kənarda olmaq kimi bir missiyası var. Buna baxmayaraq, müxtəlif zamanlarda müharibələr, ölkələrin qarşılıqlı siyasi notaları, hətta torpaq iddiaları Avroviziyadan yan ötməyib. Ərəb ölkələrinin Avropa Yayım İttifaqına daxil olduqları halda müsabiqədə İsrailin iştirakı səbəbindən geri çəkilməkləri, hətta Mərakeşin yarışmada iştirak etdiyinə görə Ərəb Dövlətləri Birliyindən qovulmaq təhlükəsilə üz-üzə qalması buna bariz nümunədir.
Türkiyənin Yunanıstanla olan mübahisəli Kipr adası məsələsi belə yarışmadan təsirsiz ötüşmür, bir dönəm Türkiyə yarışmanı sonuncu yerdə bitirirdi.
Zaman-zaman yarışma doğru qərarlar almağı da bacarıb ki, bunu Ermənistanın 2015-ci il təmsilçiləri olan "Genealogy" qrupunun mahnısının adının dəyişdirilərək "Face the shadow" edilməsini misal çəkmək olar. Mahnı ilk buraxılışında qondarma erməni soyqırımının 100 illiyi münasibətilə "Don't deny", yəni "İnkar etmə!" adlandırılmışdı.
Lakin 2009-cu ildə Gürcüstana mahnının adını dəyişmək şansı belə verilmədi və ölkə yarışmadan bir il müddətində kənarlaşdırıldı. Nəticədə "We don't wanna put in" mahnısı Avroviziya səhnəsinə çıxa bilmədi. 2008-ci ildə Rusiya və Gürcüstan arasında Abxaziya və Osetiya problemləri, Gürcüstanın "Putini istəmirik!" mesajını vermək istəməsi planı reallaşmadan yarım qaldı.
Azərbaycanın Ermənistanla illərdir eyni problemi yaşamasına baxmayaraq, Ermənistan 2009-cu ildə Azərbaycana finalda 1 xal vermişdi.
Müsabiqədə ürəkaçan nüanslardan danışsaq, bunlara "sevimli qonşular" və ya qonşu olmayıb, amma bir-birini sevən ölkələrdir ki, daima 12 xalı bir-birilərinə pay göndərirlər.
Buna misal olaraq Skandinav ölkələri, Balkan yarımadasını göstərmək olar. Yunanıstan-Kipr, Rumıniya-Moldova, Litva-Gürcüstan da hər zaman bir-birilərinə yüksək xal verən ölkələr sırasındadır.
Türkiyə iştirakı dönəmində Azərbaycanla hər zaman 12 xalı paylaşırdı.
Siyasətin musiqi həmrəyliyinə təsir etməsini heç kəs istəməsə də, bu həmişə mümkün olmur, istəklər xəyal olaraq qalır.
Comments