Malmödə Nemonun qələbəsindən sonra Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmək hüququ qazanan İsveçrənin Bazel şəhəri Avroviziya 2025 Mahnı Müsabiqəsini qəbul edəcək. Müsabiqənin yarımfinalları 13, 15 may, finalı isə 17 may tarixində keçiriləcək.
Son olaraq ev sahibliyi uğrunda Cenevrə və Bazel şəhərləri mübarizə aparırdı. Avropa Yayım Birliyin (AYB) 30 avqust tarixində təqdim etdiyi videoçarx ilə Bazelin bu hüququ əldə etdiyi məlum oldu. Bununla da ardıcıl 6 müsabiqənin paytaxt şəhərlərdə keçirilməməsi faktı ortaya çıxır. Müsabiqənin biletləri ilin sonunda satışa çıxarılacaq.
Avroviziya Mahnı Müsabiqəsinin icraçı direktoru Martin Österdahl:
''AYB Bazelin 2025-ci ildə Eurovision Mahnı Müsabiqəsi üçün Ev sahibi şəhər seçilməsindən çox məmnundur. Müsabiqə 1956-cı ildə İsveçrənin Luqano şəhərində anadan olub və onu təxminən 70 ildən sonra yenidən doğulduğu yerə qaytarmaq çox gözəldir."
İsveçrənin şimal-qərbində yerləşən şəhər Bazel-Ştadt kantonunun paytaxtıdır. Təxminən 170 min nəfər əhalisi olan şəhər Almaniya və Fransa ilə sərhəddə yaxındır. Kimya və əczaçılıq sənayesi mərkəzidir. Novartis və Hoffman-La Roche, eləcə də beynəlxalq bank təşkilatlarının mərkəzi UBS Bankın qərargahlarından biri buradadır. İsveçrənin ən qədim universiteti burada yerləşir. Erkən musiqi sahəsində dünyanın ən böyük təhsil mərkəzlərindən biridir. (Bazel Musiqi Akademiyasının bir hissəsi olan "Schola cantorum Basilienis").
Bazel hökumətinin prezidenti Konradin Kramer deyib:
"Dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi etmək Bazel üçün böyük şərəfdir! Biz Bazel şəhərini Avropanın mərkəzində kosmopolit mədəniyyət şəhəri kimi dünyaya təqdim etmək üçün bu fantastik fürsəti səbirsizliklə gözləyirik. Almaniya, Fransa və İsveçrənin sərhəd üçbucağında açıq bir şəhər olaraq biz hər gün hər cür sərhədləri aşırıq. Bu, Eurovision Mahnı Müsabiqəsi ilə tam uyğundur. Biz artıq bütün Avropadan gələn qonaqlarımızı qarşılamağı səbirsizliklə gözləyirik: Bazelə xoş gəlmisiniz!"
İsveçrə dünyanın ən böyük qeyri-idman hadisəsi olan Avroviziya Mahnı Müsabiqəsinin həm ilk ev sahibidir həm də ilk qalibidir. 1956-cı ildə Luqano şəhərində keçirilən müsabiqədə 7 ölkə iştirak edib və İsveçrənin təmsil edən Liz Asya "Refrain" mahnısı ilə qalib olub.
Həmçinin dünyaca məşhur müğənni Selin Dion da İsveçrənin Avroviziya 1988 Mahnı Müsabiqəsində "Ne Partez Pas Sans Moi" güclü balladı ilə qalib olub.
Comments