İsveçrənin dövlət kanalı SRF bu gün keçirdiyi mətbuat konfransında 2025-ci ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin aparıcı heyətini elan edib. Bu il mötəbər tədbiri tanınmış simalar – Hazel Brugger, Mişel Hunziker və Sandra Studer təqdim edəcək.
Yarım final mərhələlərində şounun aparıcıları Hazel Brugger və Sandra Studer olacaq, böyük final isə Mişel Hunzikerin də iştirakı ilə üçlüyün birgə təqdimatında baş tutacaq.

Mətbuat konfransında çıxış edən aparıcılar Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı fikirlərini bölüşüblər. Mişel Hunziker bildirib: “Həmişə İsveçrənin bu müsabiqədə qalib gələcəyinə ümid edirdim. Xüsusilə bu iki xanımla birlikdə çalışaraq bir-birimizi tamamlamağımız həqiqətən çox əyləncəli olacaq.”
Sandra Studer isə öz sevincini “Mən və mahnı müsabiqəsi – bu, əsl sevgi tarixçəsidir” sözləri ilə ifadə edib. O, bu il bu inanılmaz qadınlarla səhnəni paylaşmaqdan məmnun olduğunu vurğulayıb. Xatırladaq ki, sonuncu dəfə üç qadın aparıcı 2023-cü ildə bir araya gəlmişdi.