Dünyanın ən reytinqli və ən məşhur mahnı müsabiqəsi olan Avroviziyada qalib olmaq hər bir təmsilçinin xəyalıdır. Bu müsabiqədə qələbə qazanmaq istənilən şəxs üçün böyük uğur və fəxrdir. Məsələ burasındadır ki, Avroviziya öz qalibinə sadəcə Kristal Mikrofon mükafatını vermir, eyni zamanda da sonsuz şöhrət, diqqət və geniş izləyici kütləsinin sevgisini qazandırır. İllər öncə qələbə qazanan qocaman qaliblərin adları indi necə xatırlanırsa, indiki qaliblərin də adları illər sonra elə xatırlanacaq. Amma Avroviziya qaliblərinin arasında biri var ki, onun adı yüz illər də keçsə unudulmayacaq, təkrarlanması çətin olan uğuru sayəsində hər zaman diqqət mərkəzində olacaq və seviləcək. Söhbət kimdən gedir? Təbii ki, Avroviziyada iki dəfə qalib gələn ilk qadın olan və İsveçi "Avroviziyada ən çox qələbə qazanan ölkə" rekorduna şərik edən əfsanəvi Lorindən!
Tam adı Lorina Zineb Nora Təlhavi olan Lorin 1983-cü ilin oktyabr ayının 16-da İsveçin Vosteros bölgəsində, Mərakeş əsilli ailədə dünyaya gəlib. Kiçik yaşlarından musiqiçi olmağa böyük maraq göstərən sənətçi səhnəyə ilk addımını 2004-cü ildə atıb. Həmin ildə İsveçin "İdol" adlı televiziya müsabiqəsinə qatılan Lorin 4-cü yeri tutub. Gənc və çox da təcrübəsi olmayan müğənni olduğunu nəzərə alsaq, həmin vaxt onun üçün bu böyük uğur olub. Bunun ardınca ilk peşəkar sinqlı olan "The snake" adlı trekini təqdim edib. Ardınca "TV400" kanalında aparıcı olaraq işləməyə başlayan Lorin 2011-ci ilə qədər İsveçin müxtəlif veriliş və müsabiqələrində rejissor və prodüser olaraq da fəaliyyət göstərib. 2011-ci ildə İsveçin Avroviziya üçün milli seçim turu olan məşhur Melodifestivalen müsabiqəsinə "My heart is refusing me" adlı mahnısı ilə qatılan Lorin ikinci yarımfinal mərhələsində 4-cü yeri tutmuş, bunun ardınca "İkinci şans" mərhələsinə düşmüş, lakin bu mərhələdən sonra finala keçə bilməmişdir. Müsabiqədə qalib olmasa da "My heart is refusing me" həmin il İsveçdə ən çox dinlənən 10 mahnıdan biri olub və bir ildən çox müddət ərzində bu siyahıda qalmağı bacarıb. O zaman heç kəsin bilmədiyi bir şey var idi. Statistik olaraq Lorin məğlub olmuşdu, amma bu uğursuzluq yaxın gələcəkdə Lorinə böyük uğurlar qazandıraraq onu ölkəsinə və dünyaya daha yaxından tanıdacaqdı. Bəli, bu məğlubiyyət ilə bir əfsanənin yaranması artıq başlamışdı...
2012-ci ildə Tomas Cilson və Peter Buström tərəfindən yazılmış "Euphoria" adlı mahnı ilə Melodifestivalenə qayıtdığını elan edən Lorin fevral ayının 4-də finala keçməyi bacardı. Mart ayının 10-da 268 xal ilə müsabiqədə qalib oldu və İsveçi Avroviziya 2012-də təmsil etmək hüququ əldə etdi.
Bəlkə də Lorin o vaxt Bakıya sadəcə Avroviziyada iştirak etmək üçün yox, həm də rekord qırmaq və tarix yazmaq üçün yola düşdüyünü heç özü də bilmirdi. Belə ki, yarımfinal mərhələsindən finala uğurla vəsiqə qazanan Lorin finalda 42 ölkənin 40-dan səs almağı bacararaq 372 xal ilə qalib oldu və İsveçə 21-ci əsrdəki ilk Avroviziya qələbəsini də qazandırdı. Həmin ilin iyun ayında "Euphoria" Böyük Britaniyada ən çox dinlənən mahnılar arasında üçüncü pilləyə qalxdı və ilk həftədə 60000-dən çox nüsxəsi satıldı və 20 həftədən çox müddət ərzində siyahıda qaldı. Daha sonra Lorin "MTV"-nin dünya səhnəsinə çıxdı və həmin il təqdim etdiyi "Heal" adlı ilk albomu İsveçdə platin sertifikatı ilə təltif olundu və ölkə daxilində 40000-dən çox nüsxəsi satıldı. Bunun ardınca Avropa turuna çıxaraq albomunu tanıdan Lorin Polşa, Rumıniya, Niderland və s. kimi ölkələrdə müxtəlif televiziya şoularına və müsabiqələrə ulduz qonaq qismində qatıldı. 2013-cü ildə Patrik Berqer və Ester Din tərəfindən yazılmış "We got the power" adlı mahnısını təqdim etdi və bu mahnı ilə Avroviziya 2013-də interval akt qismində çıxış etdi. Bunun ardınca müxtəlif yeni mahnı və layihələr ilə diskoqrafiyasını genişləndirən Lorin 2016-cı ildə Avroviziya səhnəsinə qonaq olaraq geri qayıtdı və bir çox tədbirlərə qatılaraq Avroviziya azarkeşlərinə qoşuldu. Həmin ilin noyabr ayının 30-da yenidən Melodifestivalen seçim turuna qayıdacağını açıqladı. "Statements" adlı mahnı ilə yenidən Avroviziyaya qatılmaq istəyən Lorin bu dəfə yenidən uğursuzluq ilə üzləşdi. Bu dəfə ikinci şans mərhələsində Anton Haqmana məğlub olaraq müsabiqəni tərk etdi. Bunun ardınca bir daha Melodifestivalen və Avroviziyaya dönməyəcəyi düşünüldü. Lorin özü də bunun üçün addım atmadan İsveç daxilində sırf öz albom və mahnıları üzərində çalışaraq sükutu qorudu, daha ki, 2023-cü ilə qədər...
2023-cü ilə qədər bir qalibin Avroviziyaya yenidən qatılmasından sonra bu dəfə də qalib gəlməsi azarkeşlərin çox da şahidlik etdiyi bir şey deyildi. Sadəcə Coni Loqan Avroviziyada iki dəfə qalib olmağı bacarmışdı, onun da ikinci qələbəsinin üzərindən 36 il keçmişdi. Adətən keçmiş Avroviziya qalibləri yenidən müsabiqəyə qayıdanda ikinci cəhdlərində uğursuz yer tuturdular. Buna örnək kimi Aleksandr Rıbakın 2009-cu ildə rekord xalla qalib olmasından sonra 2018-ci ildə yenidən müsabiqəyə qatılanda on beşinci yeri tutmasını misal göstərmək olar. 2022-ci ilin noyabr ayında "Tattoo" adlı mahnısı ilə yenidən Melodifestivalenə qatılacağını açıqlayan Lorinin bu dəfə də uğursuz olacağı düşünülürdü, lakin Lorin müsabiqənin tək favoriti idi. Mart ayının 11-də 177 xalla ikinci dəfə seçim turunda qalib gəldi və beləliklə Avroviziyada artıq əfsanələşmiş sənətkar yenidən aid olduğu yerə qayıdacağını elan etmiş oldu.
Lorinin bu dəfə qalib gəlməyəcəyi, ən böyük rəqibləri Finlandiya təmsilçisi Kaariya və İsrail təmsilçisi Noa Kirelə məğlub olacağı düşünülürdü, amma Lorin əvvəldən müsabiqənin son mərhələsinə qədər həftələr ərzində qələbəyə ən yaxın namizədlərin siyahısında lider olmağı bacardı. 2023-cü ilin may ayının 13-də gərgin mübarizənin sonunda 583 xalla özünün ikinci, təmsil etdiyi İsveçin isə 7-ci qələbəsini qazandı. Bu qələbəsinin ardınca "Tattoo" dünyanın müxtəlif siyahılarında ilk pillələrə qalxmağı və rekordları təzələməyi bacardı. "Spotify" platformasında 500 milyon dəfədən çox dinlənildi və "TikTok" platformasında 150 milyondan çox videoda istifadə olundu. Beləliklə Lorin 2012-ci ildə qazandığı parlaq uğuru 11 ildən sonra yenidən təkrarlamış oldu.
Dörd Melodifestivalen çıxışı və iki qələbəsi, eləcə də iki Avroviziya qələbəsi ilə Lorin artıq bir sənətkardan daha artığıdır. Heç bir tənqidə fikir vermədən uğurla sənətinə davam edən Lorin nəinki İsveçin, eləcə də Avropa və dünya musiqisinin əfsanəsidir və milyonlarla Avroviziya azarkeşi üçün həmişə elə olaraq qalacaq.
Comments