13 iyul tarixində Bakıda keçirilən "Quality Fest" böyük coşqu və ekskluziv açıqlamalarla yadda qalıb.
Kulisdə yerli mətbuata müsahibə verən sənətçilərdən Aydilge Azərbaycan musiqisi haqqında fikirlərini bölüşüb:
"Ənənəvi musiqi ilə müasir musiqinin vəhdətini Azərbaycan musiqisində görürəm və bunu çox sevirəm. R&B texnikası, opera, bununla belə özümüzün, türklüyümüzün qorunması, Şərq və Qərbin gözəl yanlarının vəhdəti çox kefiyyətli şəkildə bilinir. O boğazlar, səsi oynatmaq bacarığı türk sənətçilərin əksəriyyətinin bacardığı şeylər deyil. Sevda Ələkbərzadəni çox sevirəm. Sizi də çox sevirəm, hamınızı sevgi ilə qucaqlayıram."
"FiftysixMagazine"in mikrofonuna özəl açıqlama verən sənətçi Azərbaycandan təklif gələcəyi təqdirdə ölkəmizi Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini bildirib:
"Çox istəyərəm. Kaş ki, alınsa, böyük bir qürurla təmsil edərəm. Bildiyiniz kimi, ölkəmiz (Türkiyə-red.) yarışmaya qatılmır. Amma Azərbaycan məni layiq görsə, qürurla təmsil edərəm. Çünki, bu da mənim millətimdir! Azərbaycanla Türkiyəni heç zaman bir-birindən ayırmıram."