1972-ci il Münhen Olimpiadası üçün nəzərdə tutulmuş ikonik SL72 model ayaqqabının tanıtımında Bella Hadidi markanın reklam siması kimi göstərən Adidas, cümə günü İsraildən gələn reaksiyalardan sonra "kampaniya işlərinin nəzərdən keçirildiyini" açıqladı.
Daha sonra Alman brendinin rəsmi hesablarından Fələstin əsilli modelin yer aldığı məlumatların silindiyi görülüb.
Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir qəzetə verdiyi açıqlamada, Adidas sözçüsü Stefan Purşe Bella Hadidin etnik kimliyi ilə 1972-ci il Münhen Olimpiadasında baş verən "faciəli tarixi hadisələr" arasında əlaqə qurulduğunu və reklam filminin səbəb olduğu "kədər və sıxıntı" üçün təşkilat olaraq üzr istədiklərini söylədi.
1972-ci ildə Münhen Olimpiadası zamanı Fələstində fəaliyyət göstərən Fəth hərəkatına bağlı Qara Sentyabr təşkilatının üzvləri İsrail idmançılarının qaldığı olimpiya kəndinə hücum etmiş və hiddətə səbəb olan hadisədə 11 idmançı həyatını itirmişdi.
ABŞ-da müharibə əleyhinə nümayişlərə qatılan və “Çaydan dənizə Fələstin azad olacaq” şüarı ilə çıxış edən model bir müddət İsrail dövləti tərəfindən “düşmənçilik” və “antisemitizm yaymaqda” günahlandırılıb.
Hadid 16 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrail sərhədini keçərək, əksəriyyəti mülki olan 1200 adamın öldürdüyü hücumdan günlər sonra bir paylaşım edərək, “Karyeram bitsə belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağam." dedi.
Hadidin kiçik bacısı Cici və böyük bacısı Alana ilə birlikdə Fələstinə dəstək olmaq üçün “Watermelon Pictures” film yayımı, istehsal və maliyyə şirkətini qurduğu da məlumdur.
Adidas daha əvvəl "antisemitizm" ittihamı ilə amerikalı müğənni Kanye West ilə tərəfdaşlığını dayandırmışdı. 2022-ci ilin oktyabrında "antisemitizmə inanmadığını" deyən West, "yəhudiləri öldürməklə hədələdiyi" iddiasına görə milyonlarla dollarlıq reklam müqaviləsini itirdi, X və Instagram hesabları dayandırıldı və o, aylarca üzr istədi.
Comments