7 may Avroviziya Mahnı Müsabiqəsinin ilk gecəsi—birinci yarımfinal keçirildi. 15 ölkənin bizim üçün hazırladığı müxtəlif və rəngarəng gecə maraqlı məqamlarla yadda qaldı. On ölkənin Böyük Finala vəsiqə qazandığı müsabiqədə Azərbaycan, Avstraliya, Moldova, Polşa və İslandiya finala keçə bilmədi.
Açılışı edən ölkə olan Kiprin təmsilçisi Silia məşqlərdə gördüyümüzün əksinə, yarımfinal çıxışı zamanı vokal imkanlarını yetərli qədər göstərə bildi. Növbəti ölkə öz soyuq atmosferi ilə səhnəni ələ alan Serbiya idi, təmsilçi Teya Dora izləyiciləri qarlar səltənətinə apararaq, insanlara öz mahnısının hekayəsini anlatmağı bacardı. Tamaşaçıların Teyanın soyuq effektli olan səhnəsindən sonra, sanki isinməyə ehtiyacı vardı. Səhnəyə çıxan Litvaniya təmsilçisi qırmızı ledlərlə dolu olan bir səhnə ilə bu dəfə bizi elektro musiqilərin hakim olduğu bir dünyaya apardı və finala vəsiqəni təmin etdi. Bir neçə hissi fanatlara bir mahnıda yaşadan bacaran İrlandiya qorxunun, qışqırıqların, vahimənin, qaranlığın alovlarla birləşdiyi o performansı nəticəsində 11 may yenidən bu səhnəyə çıxmaq şansı qazandı. Müqəddəs Məryəm və Tereza Anaya həsr olunmuş mahnı ilə fanat ordusuna mistik dəqiqələr yaşadan Ukrayna təmsilçiləri Cerri Heil və Alyona möhtəşəm vokalları ilə öz istəklərinə nail olan təmsilçilərin arasında idi. Polşa məşqlərdə olduğu kimi zəif bir vokal sərgilədi və kifayət qədər güclü bir mahnıya sahib ola bilməyən Polşa finala keçə bilmədi. Növbəti ölkə ilin qaliblərindən biri hesab olunan Xorvatiyadır. Öz vokalı üzərində uğurlu şəkildə işləməyi bacaran Beybi Lazanya səhnəni lərzəyə gətirdi və əmin addımlarla finala keçdi. İslandiyanı təmsil edən Byorkün sərgilədiyi performans finala keçmək üçün yetərli olmadı və yarımfinalda ələnən ölkələrin arasında yer aldı. Növbəti ölkə bu ilin ən güclü qadın vokalına sahib olan təmsilçili Sloveniya idi. Ağ buludlarla dolu olan səhnədə Rayvenin xareoqarfiyası ilə vokalı vəhdət təşkil edirdi, bu da öz növbəsində Sloveniyanın finala keçməsinə səbəb oldu. Sıra gecənin ən qəribə performanslarından biri olan Finlandiyadadır. Solistlərdən biri qurşaqdan aşağı çılpaq şəkildə performans sərgiləyərək finala keçməyi bacarıb. Növbədə səhnəsi bənövşəyi məzmunlu olan Moldovadır. Gözəl vokal sərgilməyi bacaran Natalianın mahnısı finala keçmək üçün lazım olan səsi yığa bilmədi. Sırada finala vəsiqə qazana bilməyən digər ölkə Azərbaycandır. Əfsuslar olsun ki, səhnə performansındakı çatışmazlıqlar Azərbaycanın bu ildə finala keçməsinə mane oldu. Növbədə isə aborigen musiqisinin elementlərini özündə əks etdirməyi bacaran Avstraliya idi. Həm vokalı, həm də səhnə performansı kifayət qədər güclü olmayan Avstraliyanın təmsilçiləri finala keçmək üçün kifayət qədər iddialı olmadı. Növbədə hər il özünəməxsus tərzi ilə fərqlənən Portuqaliyadır. Bu dəfə doğma dilində bir mahnı ilə təmsil olunan Portuqaliyanın səhnəsi tamamilə ağlara bürünmüşdü və Yolandanın güclü performansı və emosional mahnısı ilə Portuqaliya da bu il də finala keçməyi bacardı. Son çıxış 31 ildən sonra Avroviziyaya qayıdan Lüxemburqa aiddir. Səhnədə yeni versiya ilə mahnısını təqdim edən Tali performansı ilə göz qamaşdırırdı və izləyicilərin səsini yığa bilərək finala keçməyi bacardı.
Bu yarımfinalda "Böyük Beşlik" ölkələrindən isə Almaniya və Böyük Britaniya öz performanslarını göstərdilər. Almaniya sözün əsl mənasında, alovlu səhnəsi və bir o qədər də güclü vokalları ilə səhnədə tufan yaratmağı bacardı. Eləcə də, Böyük Britaniya adına 4 boks geyimli rəqqasla hərarətli bir şou göstərən Olli qalibiyyət üçün gəldiyini bütün Avropaya göstərdi. Keçən ilin qalib ölkəsi olaraq finala keçməyi bacaran İsveç milli finaldakı səhnəyə sadiq qalaraq, gözəl bir performans göstərdi. Led işıq və ekranların arasında öz xareoqrafiyalarını yerinə yetirən əkizlər yüksək pillə üçün gəlirlər.
Beləcə, müxtəlif hisslərlə yadda qalan birinci yarımfinalı başa vurduq. Mayın 9-da ikinci yarımfinal keçiriləcək və bizi bir-birindən güclü və gözəl performansların yer aldığı bir yarımfinal gözləyir.
Comments