top of page
Sahil Məmmədov

"Game of Chess"də hansı detallara yer verilib?


Azərbaycanın Avroviziya 2018 təmsilçisi Aisel 6 illik fasilədən sonra söz verdiyi kimi öz bəstəsi ilə seçim turuna geri döndü.


Xəbər mediada paylaşılan kimi həm yerli və xarici pərəstişkarlar tərəfindən böyük rəğbətlə qarşılanmış və ilin əsas favoriti kimi göstərilmişdir.

Əks mənalı, özünə inam daşıyan, iddialı olan mahnının sözləri Leyla Axundovaya, musiqisi isə Aiselə aid “Game of chess" bəstəsi iki dildə yazılmışdır.



Röyal Cəfərov imzalı klip bir çox maraqlı məqamları ilə yadda qalır. Belə ki, ağ qara rənglərin və xüsusi effektlərin hakim olduğu ekran işi əslində izləyicisinə nə demək istəyir?


"Doğrunu və səhvi bu mahnıda tapmağa çalış" deyərək start götürən klipdə əsas diqqəti çəkən mahnının adının da olduğu kimi şahmat oyununu görürük. Şahmat lövhəsi həyatın mübarizə meydanını, üstündəki daşlar isə xeyir və şərin amansız mübarizəsini əks etdirir.


Klipin təhlilinə göz yetirsək, klipdə iki obrazı canlandıran müğənni öz rolunun əksi ilə oyunda mübarizə aparır. Zülmət kraliçasını və ağ mələyi xatırladan obrazlar ilə müğənni sirrlərlə dolu addımlar ataraq bir çox yerdə əsas gizli təhlili izləyicisinin tapmasını istəyir. "Zülmət kraliçası" obrazı ilə o, bu oyunda güclü gedişlər edir, bu gedişlər mahnının sözləri ilə də birləşərək öz ahəngini tapır.


"Black or white, dark or light,

You can choose for whom to fight.

One thing is on your side,

Love can always be your guide."


Ağ yoxsa qara? Müğənni həyatda hansı yöndə də mübarizə aparsaq bizə əsas olan sevginin yol göstərəcəyini bildirir.

Mənfini canlandıran obraz çox güclüdür, özündən əmindir. O xeyir qüvvələrin üstündə gücün iplərini əlində saxlayaraq hakimiyyətini idarə edir, son gedişini edərək qalibiyyətini bizə həm vizual həmdə sözlərlə göstərir:


“Oyundan nə fərqi vardır?

Hər gün ayrı dönər dünya.

Bu gün alov işıq saçar,

Sabah susub sönər dünya.

Soruşsan hər rəngi vardır,

Həm kasıb, həm varlı dünya.

Əslinə bax siyah-bəyaz..."


Sözünü tamamladıqda mahnının ritmi dəyişir və "Bəsdir yatdın ,oyan dünya!" deyərək iplər şərin əlindən çıxır. Ağ mələk son gedişini edir və şər qüvvəni məğlub edir. Əslində öz dilində üsyan edən Aisel nə olursa olsun sevgi olduqdan sonda hər zaman sevginin qalib gələcəyini göstərmək istəyir. Özü dediyi kimi "eşq aləmində qəlbi kar olmaz" bu qələbənin onun qələbəsinin rəmzi ifadəsidir.


Digər tərəfdən klipi Aiselin Avroviziya yolunda olan mübarizəsi kimi də qəbul etmək olar. Finala vəsiqə qazana bilməsə də, Avropa tamaşaçısı tərəfindən sevilən ifaçı ümidini və mübarizə əzmini itirmir. Bəlkə də Aisel klip vasitəsilə tamaşaçıya "mən yenidən geri dönəcəyəm və qələbə qazanacağam" demək istəmişdi?

Comments


bottom of page