Noyabrın 1-dən Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur.
Sərginin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil. Belə ki, “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldir.
Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir. Sərgidə ziyarətçilər italiyalı heykəltaraşın “Balanslaşdırılmış dünya” (Balanced World), “Təbiətin gücü” (Force of Nature), “Tanrının əli” (Hand of God), “Bəxş et və al” (Give and Take) və “Birlikdə” (Together) əsərləri ilə Mərkəzin park ərazisində, “Eros”, “Paralel dünya” (Pharalel Universe), “Özünü sev” (Love Yourself) və müəllifin digər əsərləri ilə Mərkəzin foyesində tanış ola biləcək. Ümumilikdə Bakı sərgisində müəllifin 15 incəsənət nümunəsi təqdim edilir.
Heykəltaraşın “Özünü sev” (Love Yourself) əsəri özünə sevgi vasitəsilə sevgini əks etdirmək, bu hissi dünya ilə paylaşmaq, düzgünlük yoluna işıq saçmağa çağırır. Eksponatlar arasındakı “Tanrının əli” (Hand of God) heykəltaraşlıq nümunəsi müəllifin şedevrlərindən hesab olunur. Əsərdə bükülmüş halda olan adam yorğun şəkildə qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir əlin ovucunun içərisində oturur. Lorenso bu əsərini oğluna həsr edib. “Tanrının əli” ziyarətçilərin diqqətini uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan Kuinnin digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl sevgi, nifrət, yaratmaq hissi və məhv etmək gücünü təsvir edir.
Xatırladaq ki, “Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son dövrlərdə ən çox tələb olunan heykəltaraşlardan biridir. Lorenso Kuinnin əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz seçimimizdən asılıdır” kimi ismarışları çatdırır və insan təbiətinin müsbət və mənfi cəhətlərinin tarazlığını nümayiş etdirir. Məşhur heykəltaraşın əsərləri 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim ediləcək.