Hər il milyonlarla insanı ekran başına toplayan Avroviziya Mahnı Müsabiqəsi yenidən yeniliklərlə gəlir. Bu dəfə ev sahibi İsveçrə, 69-cu müsabiqənin vizual və səhnə dizaynını təqdim edib. Bəs bu il tamaşaçıları hansı möcüzələr gözləyir?
Dizayn konseptinə nəzər salanda İsveçrənin yalnız təbiəti və mədəniyyəti ilə deyil, həm də dəyərləri ilə qürur duyduğu aydın görünür. Vizual dizaynın arxasında duran Artur Deyneuve, Avroviziyanın məşhur ürək simvolundan ilhamlanaraq bu ilki mövzunu müəyyənləşdirib: “Dinləmək və sevgini tapmaq.” Deyneuve bildirir ki, İsveçrənin birbaşa demokratiya ənənəsi bu ideyanın əsasını təşkil edib. Mesaj çox sadədir: bir-birimizi həqiqətən dinləsək, sevgi taparıq. Bəlkə də bu, təkcə Avroviziya üçün deyil, həyat üçün də bir dərsdir.
İsveçrənin dağları, qarla örtülü zirvələri və mədəni müxtəlifliyi bu ilki səhnə dizaynının əsas ilham mənbəyidir. Dünyaca məşhur səhnə dizayneri Florian Wieder, St. Jakobshalle-də keçiriləcək müsabiqənin səhnəsini yaratmaq üçün bütün təcrübəsini ortaya qoyub. Wieder iddialıdır: “Hədəfimiz tamaşaçılara Avroviziyanın bir parçası olduqlarını hər zamankindən daha çox hiss etdirməkdir.”
Görünən odur ki, İsveçrə həm texnoloji, həm də emosional baxımdan tamaşaçılara unudulmaz bir şou yaşatmağı hədəfləyir. Bu da bir daha sübut edir ki, Avroviziya təkcə mahnı müsabiqəsi deyil, həm də mədəniyyətləri bir araya gətirən bir platformadır.
29 yanvarda biletlər satışa çıxır. Əgər siz də bu unikal atmosferin canlı şahidi olmaq istəyirsinizsə, tarixi qeyd edin. İsveçrənin təqdim etdiyi dinamik səhnə və sevgi dolu mesajların bir hissəsi olun. Axı nə demişdilər? “Bir-birimizi dinləsək, sevgi taparıq."