top of page
Tərlan İskəndərov

Monteneqronun Avroviziya sürprizi

Monteneqro dövlət kanalı RTCG Avroviziya Mahnı Müsabiqəsi üçün yeni bir təmsilçi ilə hər kəsi təəccübləndirdi. Bu gün açıqlanan rəsmi xəbərə görə, ölkəni Nina Zizic "Dobrodosli" adlı mahnı ilə təmsil edəcək.


Bu qərar NeonoeN qrupunun gözlənilməz şəkildə müsabiqədən çəkilməsindən sonra gəldi. Qrupun "Clickbait" adlı mahnısını 1 sentyabrdan əvvəl bir festivalda ifa etdiyi iddia edilmiş və bu, potensial diskvalifikasiya ilə nəticələnə bilərdi. Avropa Yayım Birliyi ilə aparılan danışıqlara baxmayaraq, NeonoeN 4 dekabr tarixində yarışmadan çəkildiyini rəsmi şəkildə açıqladı.


RTCG isə uzun sürmədən yeni təmsilçi adını açıqladı: Monteneqronun tanınmış musiqiçisi Nina Zizic! Qeyd edək ki, Nina milli seçimdə "Dobrodosli" mahnısı ilə ikinci yeri tutmuşdu və böyük favoritlərdən biri sayılırdı.


1985-ci ilin 20 aprelində dünyaya gələn Nina Zizic musiqi karyerasına Negre qrupunda başlayıb. Daha sonra solo fəaliyyətə keçərək öz adını musiqi dünyasında geniş kütlələrə tanıdıb. Çoxsaylı sinqllara sahib Nina, 2013-cü ildə "Who See" qrupu ilə birlikdə Monteneqronu Avroviziya səhnəsində təmsil etmiş və "Igranka" mahnısını ifa etmişdi. Lakin həmin il finala keçə bilməmişdi.


Nina Zizicin "Dobrodosli" ilə bu dəfə Avroviziya Mahnı Müsabiqəsində hansı uğura imza atacağı böyük maraqla gözlənilir. Bizi necə bir performansın gözlədiyini isə zaman göstərəcək!

bottom of page