top of page

"Səma xanımı" filmi təqdim olunub

Tərlan İskəndərov

Yanvarın 14-də Bakıda, Nizami Kino Mərkəzində Qafqazın və Yaxın Şərqin ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr olunan “Səma xanımı” adlı qısametrajlı filmin təqdimatı keçirilib. Film Azərbaycan Televiziyası, “Azərbaycan Hava Yolları” QSC və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.


Filmin rejissoru və ssenaristi Elvin Əhmədoğludur. Təqdimatda vurğulanıb ki, film keçən ay faciəvi təyyarə qəzasında həlak olmuş Milli Qəhrəmanlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya ithaf edilib.


Leyla Məmmədbəyova Azərbaycanın ilk qadın təyyarəçisi olmaqla yanaşı, SSRİ-nin ikinci qadın paraşütçüsü kimi də tarixdə öz yerini alıb. Film Leyla xanımın 1930-1933-cü illərdəki mübariz dolu həyatını işıqlandırır. Həmin dövrdə qadınların məhrumiyyətlərlə dolu bir mühitdə qarşılaşdığı çətinliklər, Leylanın çadradan imtina etməsi, cəmiyyətin qınaqlarına baxmayaraq öz iradəsini ortaya qoyması, həyat yoldaşı Bəhramın onun mübarizəsinə dəstəyi və bu dəstəyin Leylanı daha da irəliyə aparması filmdə bədii şəkildə əks etdirilib.


Ekran əsərində Leylanın oxumaq arzusu, Bakı Təyyarəçilər Məktəbinə qəbul olunması, burada uğurlu tələbə həyatı, ilk sərbəst uçuşu və paraşütdən tullanışı kimi anlar böyük həssaslıqla təqdim olunub.


Filmin əsas məqsədi Azərbaycanın tarixi şəxsiyyətlərini tanıtmaq, onların böyük işlərini geniş ictimaiyyətə və dünyaya çatdırmaqdır. Xronometrajı 30 dəqiqə olan bu film, qəhrəman qadın Leyla Məmmədbəyovanın həyatına hörmətin bir nümunəsi kimi diqqət çəkir.

bottom of page