İkinci Dünya Müharibəsi dövründə gizlədilmiş unikal əşyalar gün üzə çıxıb. Orta əsr Avropa hökmdarlarına məxsus xəzinələr keçmişə və xüsusən də onların dəfn mərasimlərinə aid yeni məlumatları aşkar edib. Polşa və Litvanın tarixi hökmdarlarına aid edilən tapıntılar tarixçilər tərəfindən əhəmiyyətli artefakt kimi qiymətləndirilir.

Litvada Vilnüs Kafedralının altındakı sərdabələrdə krallara məxsus xəzinə tapılıb. Tapıntılar arasında 15-16-cı əsrlərə aid taclar, medalyonlar, üzüklər və əsalar var ki, bunların çoxu Yagelloniya sülaləsi ilə bağlıdır. Tarixçilər belə güman edirlər ki, aşkar olunan geyimlər hökmdarlar tərəfindən sağ ikən heç vaxt geyilməyib, xüsusi olaraq dəfn üçün hazırlanıb. Taclar və digər simvollar ölümdən sonra hökmdarları şərəfləndirmək üçün nəzərdə tutulub. Tapıntılar arasında 1501-1506-cı illərdə Polşanı idarə edən Aleksandr Yagellon ve 16-ci əsrin ortalarında hakimiyyətdə olan Sigizmund Avqust kimi mühüm şəxsiyyətlərə aid tac ve bəzək əşyaları var.

Arxeoloji qazıntılar zamanı Avstriya kraliçası Yelizaveta ilə əlaqəli əşyalar, o cümlədən tac ve madalyon tapılıb. Ümumi dəyəri hələ açıqlanmayan artefaktlar ictimaiyyətə nümayiş etdirilməzdən əvvəl yoxlanmadan və bərpadan keçəcək. Rəsmilər Vilnüs şəhərini 2030-cu ilə qədər ölkənin turizm strategiyasının mərkəz nöqtəsi kimi görürlər, belə ki, bu artefaktların aşkarlanması Litvanın mədəni turizminə də təkan verə bilər.
