Yanvarın 10-da YARAT Müasir İncəsənət Məktəbinin ikinci mövsümünün “Sonluqdan Sonsuzluğa” adlı yekun sərgisinin açılışı keçirildi. Ekspozisiyanın kuratoru incəsənət məktəbinin müəllifi Sabina Şıxlinskayadır. Sərgi 23 sənətçinin işini bir araya gətirərək üç fərqli konsepsiyada təqdim edir.
Bu konsepsiyalardan biri “Dəyişkən Kimliklər” adlanır və müasir dünyada gender anlayışlarının yenidən düşünülməsi və qurulması ilə bağlıdır. Sərgi, Simon de Bovuarın “İkinci Cins” əsərindəki “başqası” anlayışı və Cudit Batlerin “performativ cinsi kimliklər” nəzəriyyəsinə əsaslanaraq genderin sosial konstruksiyasını XXI əsrin yeni utopiyaları ilə əlaqələndirir.
“Dəyişkən Kimliklər” konsepsiyası XX əsrin sosial, mədəni və siyasi mürəkkəbliyində formalaşmış gender anlayışlarının rəqəmsal dövrün reallıqları ilə üst-üstə düşmədiyini vurğulayır. Qadınların, kvir fərdlərin və ənənəvi gender rollarından kənara çıxan insanların öz kimliklərini transformasiya etməsini təsvir edən məzmun inklüziv və harmonik bir dünyanın təsəvvürünü yaradır, empatiyanın və qarşılıqlı anlaşmanın gücünü sənət vasitəsilə nümayiş etdirir.
“Dəyişkən Kimliklər” konsepsiyası çərçivəsində nümayiş olunan işlərdən biri də vizual multidisiplinar sənətçi Ramil Əliyevin “Mama, icazə ver gedim…” adlı instalyasiyasıdır. Bu əsər ana və uşaq arasındakı emosional bağları, bu bağların gətirdiyi məhdudiyyətləri və transformasiya proseslərini araşdırır. Sağalmamış travmalar, bədənin və kimliyin dəyişən və transformasiya olunan təbiətini vurğulayır.
Ramilin instalyasiyası 6 metr uzunluğunda sütun üzərində 230 oyuncaqdan ibarətdir. Oyuncaqlar zibilliklərdən, yol kənarlarından toplanıb. Burada ana obrazı, bərkimiş və kök salmış bir sütun kimi təmsil olunur, sütunlar tərk edilmiş, dağıdılmış, baxımsız qalmış, dəyişilməz tikililərin əsasını təşkil edir. Uşaq isə bu bağlardan qurtulmağa çalışan, öz kimliyini tapmağa çalışan bir varlıqdır. Oyuncaqlar ötürülən travmalara qarşı müqavimət göstərən, kimliklərin sərhədlərini aşmağa və öz həqiqətini tapmağa can atan rəngarəng və müxtəlif uşaqların çağırışıdır. Bu iş, travmanın və köhnəlmiş kimliklərin qırılmasını, yeni və dəyişkən kimliklərin yaranmasını simvollaşdırır.
İnstalyasiya artıq Bakıda, Berlində, Praqada, Tiflisdə və digər şəhərlərdə nümayiş olunmuş fotolarla tamamlanır.




“Sonluqdan Sonsuzluğa” sərgisi 2 fevral tarixinədək davam edəcək. Bu unikal əsərləri izləmək və müasir incəsənətin təfəkkür dəyişdirən gücünü hiss etmək istəyən hər kəs sərgiyə dəvətlidir.