Zaman həyatımızın ən qiymətli sərvətidir. Onun qarşısında dayanmaq nə qədər istəsək də, mümkün olmur. Zamanın axışını müşahidə etmək insanın daxili dünyasını, həyatdakı məqsədlərini daha yaxşı anlamağa kömək edən bir təcrübədir. Bəzən geridə qoyduğumuz, diqqətdən qaçan anlar olur. Bunlar kiçik bir təbəssümdən yad bir baxışa qədər hər şey ola bilər. Zaman keçdikcə həmin anlar yenidən xatırlanır, gözümüzün önünə gəlir. 25-ci saat məhz bu anların izlərini bizə xatırladan bir məqamdır.
Bu saatın mahiyyəti fərqli zaman perspektivlərini birləşdirməkdir. Onun əhəmiyyəti isə müşahidədən başlayır. Müşahidə sadəcə görmək deyil, zamanın və hadisələrin dərinliyinə enmək, hər anın incə detallarına diqqət yetirməkdir.
Zaman təkcə ölçü vahidi deyil, insan həyatının mahiyyətini formalaşdıran ən vacib elementlərdən biridir. Hər kəs onu fərqli şəkildə qavrayır: bəziləri sürətlə keçdiyini hiss edir, bəziləri isə israf etdiyini düşünür. Ancaq zamanın axışına hansı nöqteyi-nəzərdən yanaşmağımız, onun bizə necə təsir edəcəyini müəyyənləşdirir.

Bəs 25-ci saat nədir?
25-ci saat insanın özünü və ətrafını dərk etdiyi zamandır. Bu saatda müşahidə etmək zamanın axışına qarşı dayanmaq kimidir. İnsan burada keçmişi deyil, həm də özünü yenidən anlamağa çalışır. Müşahidə sadəcə baxmaq deyil, dərindən görmək və anlamaqdır. Bu fərqindəlik, həyatın hər anının dəyərli olduğunu qəbul etməyə gətirib çıxarır. 25-ci saatda müşahidə etmək, zamanla dialoqa girmək kimidir – anı hiss etmək, baş verənləri daha dərindən qavramaqdır.
İnsan öz 25-ci saatını necə yarada bilər?
İnsan 25-ci saatını yaratmaq üçün zamana sadəcə bir ölçü kimi baxmamalı, onu təcrübə və dərk ediləcək bir proses kimi qəbul etməlidir.
1. Zamanı qəsdən yavaşlatmaq
İlk addım olaraq biz şüurlu şəkildə həyatın ritmini yavaşlatmalıyıq. Bu, kiçik bir an ola bilər – məsələn, bir neçə dəqiqəlik təbiəti izləmək, dərin nəfəs almaq və ətrafımızı dərk etmək. Zamanı bu cür dondurmaq insanın özünə, mühitinə və vəziyyətinə fərqli perspektivdən baxmasına kömək edir.
2. Fərdi məqsədlərə fokuslanmaq
25-ci saat insanın özünə yönəldiyi, cəmiyyətin təsirindən uzaqlaşdığı zamandır. Burada insan öz məqsədlərinə, ideyalarına daha çox diqqət yetirir.
3. Şüurlu müşahidə
Yaşadığımız hər anı, təcrübələrimizi və hisslərimizi müşahidə etmək özünü tanımağa açılan bir qapıdır. Şüurlu müşahidə insanın həyata daha dərin baxmasına imkan yaradır.
4. Həyatın kiçik anlarını qiymətləndirmək
Bəhs olunan bu saat dilimi hər anı tam şəkildə yaşamaq deməkdir. Kiçik anlar – bir insanın gülümsəməsi, ətrafdakı səs-küyə uyğunlaşmaq, sadəcə dərin nəfəs almaq – bunlar həyatın ən qiymətli hissələridir. İnsan bu anları dəyərləndirərək, zamanın qeyri-adi axışını müşahidə edə bilər.
25-ci saat təkcə zaman dilimi deyil, həm də insanın özünü daha dərindən anlaması, keçmişə və gələcəyə fərqli gözlə baxması üçün bir pəncərədir. Hər kəs bu saatı öz həyatına uyğun şəkildə yarada bilər. Lakin bu, sadəcə seçim deyil, həm də həyata qarşı daha dərin və diqqətli yanaşmanı tələb edir. İnsanlar 24 saatın içində itib-batarkən, özlərinə 25-ci saatı yaratmalı və həyatlarının hər anını daha şüurlu şəkildə yaşamalıdırlar.
© Nəzrin Mübarizqızı